FİNAL RAUNDUNUN KEÇİRİLMƏSİ İLƏ 2017 TOPÇUBAŞOV BAŞA ÇATMIŞDIR!

10 May tarixində baş tutmuş Final Raundunun nəticəsinə əsasən 5 aydır davam edən 2017 Topçubaşov Məhkəmə Müsabiqəsi həyəcanı bu illik sona çatmışdır!

Müxtəlif hüquq sahələrini əhatə edən və hüquqi kolliziyalar üzərində qurulmuş Müsabiqə İşi üzrə sualların ciddi şəkildə analizini səhnəyə çıxaran final çəkişməsi nəticəsində İddiaçı kimi çıxış edən Xəlil bəy Xasməmmədov komandası hakimlərin ümumi qiymətləndirməsi ilə 2017 Topçubaşovun qalibi elan olunmuşdur. Bununla yanaşı qalib komandaya kubok və 1000 AZN dəyərində çek təqdim olunmuşdur.

Ən Yaxşı İddiaçı Brifi nominasiyası üzrə qalib Rəşid xan Qaplanov və Ən Yaxşı Cavabdeh Brifi nominasiyası üzrə isə qalib Fətəli xan Xoyski komandalarının hər birinə 200 AZN, Ən Yaxşı Oralist nominasiyası üzrə qalib Fatma Mustafayevaya 100 AZN məbləğində mükafat təqdim olunmuş, həmçinin bu ildən tətbiq olunan və iştirakçılar tərəfindən seçilən Topçubaşov Ruhlu komanda nominasiyası üzrə qalib İsmayıl xan Ziyadxanlı komandasına sponsorlar tərəfindən xüsusi sertifikatlar təqdim olunmuşdur.

Söz verildiyi kimi Şifahi çəkişmələrə çıxan digər komandalar da sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Müsabiqəyə göstərdikləri marağa görə sponsorlarımız başda olmaqla hər kəsə təşəkkür edirik!